Elanlar
-
“NEFT-QAZ SƏNAYESİNİN GƏLƏCƏYİ VƏ YAŞIL ENERJİ STRATEGİYASI”
Neft-qaz sənayesinin prioritet istiqamətləri üzrə gələcək inkişafı və trendlərin təhlili barədə təşkil olunmuş seminar sənayedə, çalışan gənc mütəxəssislər, tələbələr, gənc alimlər üçün nəzərdə tutulmuşdur. Məruzəçilər: “Uğur Açarı” kitabının təqdimatı – Dr. Elvin Əhmədov Müasir neft platformalarında hasilat əməliyyatları – Sevindik Süleymanov (BP şirkəti) Azərbaycanda neft-qaz yataqlarının 3D modelləşdirilməsinin gələcəyi – Anar İbrahimov (SOCAR Baş ofis)…
-
19-20 Aprel, 2024
“NEFTÇI GEOLOQLARI CƏMIYYƏTI” İB VƏ AVROPA YER ELMLƏRİ ALİMLƏRİ VƏ MÜHƏNDİSLƏRİ ASSOSİASİYASININ AZƏRBAYCAN BÖLMƏSİ İLƏ BİRLİKDƏ “ƏLA TƏHSİL-NEFTÇIXARMADA MÜVƏFFƏQİYYƏTİN RƏHMİDİR” ADLI XXVIII BEYNƏLXALQ TƏLƏBƏ VƏ GƏNC TƏDQİQATÇILAR KONFRANSI 19-20 APREL 2024 BAKI, AZƏRBAYCAN Konfrans mövzuları: Tezis göndərmək üçün e-poçt ünvanları : secretaryofaspg@gmail.com and eagelcazerbaijan@gmail.com Tezislərin verilməsi üçün son tarix:29 March 2024 Daha ətraflı…
-
17 Fevral, 2024
Geolayihələrin İdarə Olunması Qeydiyyatdan keçmək üçün: secretaryofaspg@gmail.com
-
19-20 Aprel, 2024
Society of Petroleum Geologists and EAGE Local Chapter Azerbaijan Together organize the 28th International Conference of Students
ANGC Prezidentləri
NƏRİMANOV Akif Əli oğlu iyul 1993 – iyun 1997 ətraflı |
DADAŞOV Fərid Həsən oğlu iyul 1997 – iyun 1998 ətraflı |
QULİYEV İbrahim Səid oğlu iyul 1999 – iyun 2000 ətraflı |
BABAYEV Fikrət Rzaqulu oğlu iyul 2000 – iyun 2001 ətraflı |
ƏLİYEV Adil Abbas-Əli oğlu iyul 2001 – iyun 2002 ətraflı |
RƏHMANOV Raqib Ramiz oğlu iyul 2002 – iyun 2004 ətraflı |
XƏLİLOV Nüsrət Yusif oğlu iyul 2004 – iyun 2006 ətraflı |
SÜLEYMANOV Əli Mahmud oğlu iyul 2006 – iyun 2008 ətraflı |
HACIYEV Firudun Məhəmmədəli oğlu yanvar 2008 – aprel 2012 ətraflı |
SALMANOV Əhməd Mayis oğlu aprel 2012 ətraflı |
MƏHƏRRƏMOV Bakir İsmayıl oğlu 2014 yanvar ətraflı |
Geologiya-mineralogiya elmləri doktoru, Cənubi Xəzər hövzəsində neft-qaz yataqlarının formalaşması konsepsiyasının yaradıcısı kimi dünya səviyyəsində tanınmış alim, Xəzərin Azərbaycan və Türkmənistan akvatoriyalarında bir neçə neft və qaz yataqlarının kəşfinin həmmüəllifi, Rusiya Təbiət Elmləri Akademiyası və Avropa Elmlər Akademiyasının həqiqi üzvü, «Respublikanın Əməkdar Mühəndisi» (2006), Azərbaycanın “Ali Attestasiya Komissiyası”nın eksperti, “Avropa Yer Elmləri-Mühəndisləri Assosiasiyası”nın Azərbaycan bölməsinin prezidenti, “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin Rəhbər Komitəsinin sədri.
Akif Əli oğlu Nərimanov 2010-cu ildə üç milli peşəkar ictimai təşkilatın: Azərbaycan Milli Geofizika Komitəsinin, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin və “Avropa Yer Elmləri-Mühəndisləri Assosiasiyası”nın Azərbaycan bölməsinin Rəhbər Komitəsinin sədri seçilmişdir.
“Azərbaycan Neft Təsərrüfatı” və “ Azərbaycan Geoloqu” jurnallarının redaksiya heyətinin üzvüdür.
19 il İstehsalat Birliyində neft və qaz yataqlarının istismarı üzrə geoloji xidmətə rəhbərlik etmişdir. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Strateji İnkişaf məsələləri üzrə vitse-prezidentinin müşaviridir.
Akif Əli oğlu Nərimanov 1946-cı ildə anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı» ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildən dəniz akvatoriyasında baş geoloq, 2001-ci ildən isə yeni neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı, neft-qaz ehtiyatlarının qiymətləndirilməsi və yataqların işlənməsinin təkmilləşdirilməsi strategiyasına cavabdeh olmaqla Azərbaycanın quru və dəniz sahələri üzrə baş geoloq vəzifəsində işləmişdir.
1980-ci ildən Cənubi Xəzər hövzəsinin neft və qaz yataqlarının formalaşması konsepsiyasının yaradılmasında fəal çalışmışdır. 1982-ci ildə Bakıda və Moskvada dissertasiya işini müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi, 1989-1990 illərdə isə Moskvada (ВНИИГаз) və Bakıda (Geologiya İnstitutu) doktorluq dissertasiyası işini müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi adına layiq görülmüşdür.
Müxtəlif genetik tipə malik tələlərin, stratiqrafik intervalların və neftin əmələgəlmə vaxtının əsaslandırılması ilə Cənubi Xəzər hövzəsində nef-qaz yataqlarının formalaşması konsepsiyasının yaradıcısı kimi tanınmışdır. Bu konsepsiya sonradan neftin, qazın, quyu və çıxışlardan götürülmüş süxur nümunələrinin xüsusi kompyuter proqramları və laboratoriya tədqiqatlarının aparılması nəticəsində elmi araşdırma ilə təsdiq edilmişdir. Tədqiqatın nəticələri haqqında çoxsaylı məqalələr, braşür və kitablar nəşr edilmiş, eyni zamanda müxtəlif beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən 1984-cü ildə Ümumdünya Geoloji Konqresdə (Moskva), AAPG və EAGE-nin (American Association of Petroleum Geologists, European Association of Geoscientists & Engineers) bir neçə konfransında məruzə olunmuşdur.
Xəzərin Azərbaycan və Türkmənistan akvatoriyalarında bir neçə neft və qaz yataqlarının, o cümlədən Günəşli, Çıraq, Azəri, Kəpəz, Ümid kimi iri və Barinov adına, 8 mart, Ələt-dəniz neft və qaz yataqlarının kəşfinin həmmüəllifidir.
1992-ci ildən Amerika Neftçi Geoloqları Assosiasiyasının (AAPG) fəal üzvüdür. 1993-ci ildə bu cəmiyyətin Azərbaycan bölməsinin və Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin əsasını qoymuş və rəhbərlik etmişdir.
1995-ci ildən səsvermə hüququ ilə AAPG–nin Nümayəndələr Palatasının üzvüdür. Avropa Geoloqları və Mühəndisləri Assosiasiyasının (EAGE) Məsləhət Şurasının üzvü, 2003-cü ildən isə Azərbaycan filialının prezidentidir.
2010-ci ildə geologiya elmləri sahəsində yaradılmış Respublika səviyyəli üç milli peşəkar ictimai təşkilatın: Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin, Azərbaycan Milli Geofizika Komitəsinin və EAGE-nin Azərbaycan bölməsinin Rəhbər Komitəsinin sədri seçilmişdir. Şəxsi təşəbbüsü ilə xeyli sayda beynəlxalq elmi konfransın keçirilməsini, o cümlədən bir neçəsinin AAPG və EAGE-nin dəstəyi ilə təşkil etmişdir.
Azərbaycan Ali Attestasiya Komissiyasının, təbiət elmləri sahəsində dissertasiya işlərinin səviyyəsinin qiymətləndirilməsi və elmi dərəcənin verilməsi üzrə ekspertidir.
Bir neçə ildir ki, «Dəniz və Neft Geologiyası» (2007-ci ilə qədər), «Azərbaycan Neft Təsərrüfatı” və «Azərbaycan Geoloqu» (bu günə kimi) elmi jurnalların redaksiya heyətinin üzvüdür.
1990-cı ildən 2008-ci il kimi «Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı» və «Neftqazmədən geologiyası» kafedralarının professoru olmuş və geologiya elminə dair mühazirələr oxumuşdur.
1984-cü ildə Cənubi Xəzər hövzəsində aparılan tədqiqat işlərinin nəticələri keçmiş SSRİ–nin Elmlər Akademiyası sistemində ən yaxşı tədqiqat kimi qəbul edilmişdir.
2004-cü ildə əsaslı elmi nailiyyətlərinə görə Rusiya Təbiət Elmləri Akademiyasının və Avropa Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə «Respublikanın əməkdar mühəndisi» adına layiq görülmüşdür.
2009-cu ildə neft geologiyası elminin inkişafındakı əməyinə, o cümlədən Cənubi Xəzər Çökəkliyi üzrə, 1993-cü ildə Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin yaradılmasında aparıcı roluna, Amerika Neftçi Geoloqlar Assosiasiyasının fəaliyyətində yaxından iştirakına və gənc geoloq-alimlərin yetişdirilməsində xüsusi roluna görə AAPG-nin xüsusi mükafatına “Special Award AAPG” layiq görülüb.
2012-ci ildə dənizdə iri həcmli Ümid qazkondensat yatağının düzgün əsaslandırılmasına və kəşfinə görə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən mükafatlandırılmışdır.
Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirib (1952). Geologiya-mineralogiya elmləri doktoru (1965), professor, Azərbaycanın əməkdar elm xadimi (1991). “Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi” şöbəsinin rəhbəridir. „Fədakar əməyə görə“ yubiley medalı (1970) və „Şöhrət” ordeni (1981) ilə təltif olunmuşdur. İki dəfə Azərbaycan Dövlət mükafatı laureatıdır. Azərbaycan prezidentinin fərdi təqaüdçüsüdür.
Elmi tədqiqat sahələri: təbii qazların geologiya və geokimyası, neft və qaz axtarışı, palçıq vulkanizmi. O Azərbaycan və Xəzər dənizinin karbohidrogen qazlarının qanunauyğun dəyişkənliyini təyin edib. Hidrosferadakı qazların tədqiqinin, neftqaz toplanması zonaların təyin etmək üçün qazın geokimyəvi kriterilərini yeni üsulu onun tərəfindən təklif olunmuşdur.
Dadaşov Fərid Həsən oğlu 12 yanvar 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. 1952-ci ildə dağ-mədən mühəndis geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 1952-1954-cü illərdə АзСИ-nin aspiraturasında oxumuş, “Neft yataqlarının geologiyası” kafedrasında işləmişdir. 1955-ci ildə “Bakı arxipelaqının səngəçal burnundan Gil arasına qədər olan şimal hissəsinin geoloji quruluşu və neft-qazlılıq perspektivliyi” mövzusunda namizədlik, 1965-ci ildə isə “Azərbaycanın karbohidrogen qazları” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1957-ci ildən Geologiya İnstitutunda işləyir. 1977-1984-cü illərdə elmi işlər üzrə direktor müavini işləmişdir. Elmi fəaliyyəti – təbii qazların geologiyası və geokimyası sahəsində, təbii qazların tədqiqatı üzrə böyük alimdir. Azərbaycanın və Xəzər dənizinin neftli-qazlı rayonlarının karbohidrogen qazlarının dəyişməsi qanunauyğunluğunu müəyyən etmiş, hidrosfer qazlarını öyrənmək üçün yeni üsul təklif etmiş, neft-qaz toplanma zonalarının qazgeokimyəvi kriteriyalarını işləyib hazırlamışdır. Nəzəri işləmələri neft, qaz, sulfid yataqları axtarışında, hidrotexniki, mülki və sənaye obyektlərinin tikintilərində, ekologiya sahəsində tətbiq edilmişdir. Günəşli neft yatağını ilk kəşf edənlərdəndir. 1988-ci ildə bir qrup alimlə birlikdə “Azərbaycan CCP-nin neft və qaz yataqları və perspektiv strukturları xəritəsi”-nə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. 300-dən çox elmi işin, 8 monoqrafiyanın, 3 müəlliflik şəhadətnaməsinin müəllifidir. “Azərbaycanın geokimyəvi anomaliyaları”, “Azərbaycanın neft-qaz yataqları və perspektivli sahələri”, “Xəzər dənizinin palçıq vulkanları”, “Azərbaycanın neft və qaz yataqlarının xəritəsi” kimi qiymətli xəritələrin həmmüəlliflərindəndir. 15 il ərzində doktorluq dərəcəsi vermək üzrə Elmi Şuranın sədri olmuşdur. 19 elmlər namizədi, 3 elmlər doktoru hazırlamışdır. “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir.
Geologiya-mineralogiya elmləri doktoru (1989), professor. AMEA-nın həqiqi üzvü (2007). 1970-ci ildən AMEA-nın Geologiya İnstitutunda işləyir, elmi işlər üzrə direktor müavinidir. “Azərbaycan Neft təsərrüfatı” elmi-texniki jurnalının baş redaktorudur. Azərbaycanın əməkdar elm xadimi (2008) və Dövlət mükafatı laureatıdır (2010).
Elmi tədqiqat sahələri: təbii qazların geologiya və geokimyası, neft-qaz yataqları və palçıq vulkanizmi, çöküntü hövzələrində dinamik proseslər, hövzə modelləşdirilməsi, neft-qaz modelləşdirilməsi, neft-qaz potensialının proqnozlaşdırılması.
Quliyev İbrahim Səid oğlu 1947-ci ildə Qırğızıstan respublikasının Bazar-Kurqan kəndində doğoulmuşdur. 1970-ci ildə dağ-mədən mühəndis-geofizik ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Həmin ildən Geologiya İnstitutunda işləməyə başlamışdır. 1978-ci ildə Ümumittifaq elmi-tədqiqat Geoloji-kəşfiyyat Neft İnstitutunda “Azərbaycanın təbii qazlarının zonalılığını və neft-qazın qaz-kimyəvi axtarışı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-1983-cü illərdə Moskva şəhərində Geokoimya və Analitik kimya İnstitutunda təcrübə keçmişdir. 1989-cu ildə Moskva Dövlət Universitetində “Alp dağlararası çökəklərin qaz rejimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun elmi fəaliyyəti neft və qazın geologiyası və geokimyası problemlərini, üzvi maddələri, çökmə hövzələrində dinamik prosesləri tədqiq etməklə, hövzə və palçıq vulkanizminin modelləşdirilməsi, Cənubi Xəzər çökəkliyinin böyük dərinliklərindəki çöküntülərin neft-qazlılığının proqnozu ilə bağlıdır. Onun rəhbərliyi altında 30-dan çox beynəlxalq elmi layihə həyata keçirilmişdir. Bu layihələr ABŞ-ın EXXON, AMOCO, UNOKAL, MOBİL şirkətləri, Cənubi Karolina və Yuta ştatlarının universitetləri; İngiltərənin BP, ROBERTSON, Geokimyəvi qrup, Norveçin STATOİL; Fransanın FRANCELAB, P. və M.Kurie adına Universitet; Türkiyənin Mərmərə Elmi Mərkəzi şirkət, universitetləri və elmi mərkəzləri ilə birlikdə həyata keçirilmişdir. 200-dən artıq elmi əsərin və 6 monoqrafiyanın müəllifidir. 85 elmi əsəri xarici ölkələrdə nəşr olunub. İşlədiyi müddətdə 7 elmlər namizədi, 2 elmlər doktoru yetişdirib. Akademik İbrahim Quliyev Rusiya Dövlət Neft-Qaz universitetinin professorudur. Elmi işi ilə bərabər Azərbaycan Neft Akademiyasında pedaqoji fəaliyyət göstərir.
1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsini bitirmiş, elimlər namizadı (1970), elmlər doktoru (1986), professor, Lenin Komsomolu mükafatı laureatı (1971), 1992-ci ildən Azərbaycan Texniki Universitetində Kimya kafedrasında professor işləyir.
Elmi tədqiqat sahələri: neft-qazın geokimyası, Cənubi-Xəzər çökəkliyi timsalında neftlərdə heterokomponent birləşmələrinin və izoprenoid karbohidrogenlərinin paylanmasının öyrənilməsi. 130 elmi əsərin, o cümlədən 1 dərsliyin, 1 lüğətin, 3 monoqrafiyanın müəllifidir.
Babayev Fikrət Rzaqulu oğlu 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsini fərqlənmə ilə qurtarmışdır. 1970-1992-ci illərdə Bakı Dövlət Universitetində Kimya fakültəsində dərs demiş, 1970-ci ildə “Azərbaycanın dəniz yataqlarında neftin mikroelementləri” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildə elm sahəsində Lenin Komsomolu mükafatına layiq görülmüşdür. 1986-cı ildə “Cənubi Xəzər çökəkliyində Orta Pliosen çöküntüləri neftinin geokimyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Fikrət Babayev Azərbaycan təhsil sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildən Azərbaycan Texniki Universitetində Kimya kafedrasında professor işləyir. Elmi-tədqiqat sahələri: neft-qazın geokimyası, Cənubi-Xəzər çökəkliyi timsalında neftlərdə heterokomponent birləşmələrinin və izoprenoid karbohidrogenlərinin paylanmasının öyrənilməsi. Aparılmış tədqiqat işlərinin nəticələri Fikrət Babayevə yeni istiqamətin – neftin heterokomponentlərinin geokimyasını yaratmağa imkan vermişdir.
Babayev F.R 130 elmi əsərin, o cümlədən “Neftin geokimyası” dərsliyinin (1997), (2012), “Qısa neft-qaz lüğəti”-nin (2003) müəllifi və “Abşeron – Balxanyanı çökəkliyində neft və qazların geokimyası” (1974), “Xəzər dənizi neft yataqlarının geoloji-geokimyəvi xüsusiyyətləri” (1988), “Neftlərin və kondensatların infraqırmızı spektrometriyası” (1991) monoqrafiyalarının həmmüəllifidir. 10-dan çox elmi əsəri xarici ölkələrdə — Çexiyada, Avstraliya, Almaniya, Macarıstan, Bolqarıstan və Keçmiş Sovet İttifaqının Respublikalarında nəşr olunmuşdur.
Professor F.Babayev beynəlxalq konfranslarda və simpoziumlarda iştirak etmiş, dəfələrlə mühazirə oxumaq və təcrübə mübadiləsi məqsədilə Çexslavakiya (1973), Yuqoslaviya (1975), Macarıstan (1976, 1981, 1999), Polşa (1978), Almaniya (1979, 1996), Bolqarıstan (1982), Norveç (1991), ABŞ (1994), İran (1992) və Türkiyə dövlətlərinə dəvət olunmuşdur.
Geologiya-mineralogiya elmləri doktoru (1992), professor, əməkdar elm xadimidir (2005), prezident təqaüdçüsüdür (2008). “Palçıq vulkanizmi” şöbəsinin rəhbəridir. „Fədakar əməyə görə“ yubiley medalı (1970) ilə təltif olunmuşdur. Azərbaycan Dövlət mükafatı laureatıdır (2010).
Elmi tədqiqat sahələri: palçıq vulkanlarının tektonik-struktur xüsusiyyətləri və qanunauyğun yerləşməsi, onların dərinliklərdəki proseslər ilə əlaqəsi. Palçıq vulkanlarının təzahürünün mexanizmi və əmələgəlmə prosesinin modelləşdirilməsi. Dərin yatım zonalarında karbohidrogen yığınlarının geoloji-geokimyəvi kriterilərinin proqnozlaşdırılmasının işlənməsi və palçıq vulkanları sahələrində axtarış-kəşfiyyat işlərinin metodikası.
Əliyev Adil Abbasəli oğlu 07 sentyabr 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. 1954-cü ildə neftçi-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1954-cü ildən Geologiya İnstitutunda işləyir. “Bituminologiya və süxurların üzvi maddələri” və “Palçıq vulkanlarının geokimyası” laboratoriyalarına rəhbərlik etmişdir. 1958-ci ildə “Kiçik Hərəmi, Böyük Hərəmi və Mişovdağ dağ silsilələrinin geoloji quruluşu və neft-qazlılığı” mövzusunda namizədlik, 1992-ci ildə isə “Palçıq vulkanlarının geokimyası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Geologiya, neft və qazın, palçıq vulkanizminin üzvü maddələrinin geokimyası, geologiya elminin tarixi üzrə tədqiqatlar aparır. O, ana neft süxurlarının diaqnostik əlamətlərini öyrənmiş, mezokaynozoy çöküntülərinin kəsilişində neft-qazəmələgətirən çöküntüləri ayırmış, palçıq vulkanları rayonlarında dərinə batmış neft-qaz yataqlarının geokimyəvi axtarışı üsulunu işləyib hazırlamışdır. Kaynozoyun kəsilişində paleogen-miosen çöküntüləri süxurlarının üstünlük təşkil etdiyi mollas çökəkliklərində baş verən hadisələrin palçıq vulkanizmi ilə əlaqəsini müəyyən etmişdir. “Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları xəritəsi”-nin həmmüəllifidir. “Sönmüş sualtı palçıq vulkanlarının axtarışı üsulu”-nun ixtiraçısıdır. Yer qabığının çökmə qatında karbohidrogenlərin əmələ gəlməsinin və miqrasiyasının mümkünlüyünü elmi cəhətcə əsaslandırmışdır. 297 elmi məqaləsi və 10 monoqrafiyası çap olunmuşdur, 1 ixtiranın müəllifidir. 6 elmlər namizədi, 2 elmlər doktoru hazırlamışdır. Professor Ad. Əliyev çox sayda diplom və fəxri fərmanla təltif olunub.
1958-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib, Geologiya-mineralogiya elimləri namizadı (1963), Geologiya-mineralogiya elmləri doktoru (1988), professor, 1992-2003-cü illərdə ARDNŞ-ın “Geologiya-geofizika İdarəsi”ndə “Geofizika Elmi-Tədqiqatlar İnstitutu”-nun direktoru, “Yeni Azərbaycan” partiyasının üzvü. 90 elmi vəqalənin, 8 monoqrafiyanın, 3 braşuranın, 2 kəşfin müəllifdir.
Rəhmanov Rahib Ramiz oğlu 1934–cü ildə Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) “Geoloji – kəşfiyyat” fakültəsini “Dağ mühəndisi – geofizik” ixtisası üzrə bitirmişdir. 1958-1965-ci illərdə Az Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda işləmiş və texnik vəzifəsindən böyük elmi işçi vəzifəsinədək yüksəlmişdir. 1965-ci ildən “Geofizika Elmi-Tədqiqatlar İnstitutu”-nda laboratoriya müdiri, elm və istehsalat üzrə direktorun birinci müavini işləmişdir. 1992-2003-cü illərdə ARDNŞ-ın “Geologiya-geofizika İdarəsi”ndə “Geofizika Elmi-Tədqiqatlar İnstitutu”-nun direktoru vəzifəsində çalışmışdır.
1963-cü ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru adına layiq görülmüşdür. 1967-1969-cu illərdə Hindistan dövlətində mədən-geofiziki materialların interpretasiyası xidmətinə rəhbərlik etmişdir. 1982-1985-ci illərdə isə Mozanbik respublikasında karbohidrogen xammalı ehtiyatlarının proqnoz qiymətləndirilməsi üzrə məsləhətçi-baş mühəndis kimi işləmişdir.
Rəhmanov Rahib Ramiz oğlu 8 monoqrafiyanın, 3 braşuranın, respublikada və xarici dövlətlərdə nəşr olunmuş 90-dan çox məqalə və məruzənin, eyni zamanda 50-dən çox elmi-tədqiqat hesabatının müəllifidir. O, iki kəşfin müəlliflik hüququna malikdir. Xəzər dənizinin şelf zonasında və Azərbaycanın quru ərazisində bir neçə neft-qaz yatağı onun təklifi əsasında kəşf olunmuşdur.
Rahib müəllim elmi kadrların hazırlanmasında da fəaliyyət göstərir. Onun çoxsaylı aspirant və dissertantlarından iki nəfəri geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmiş, bir nəfərin dotorluq dissertasiyası müdafiəyə hazırlanmış, iki nəfər isə namzədlik dissertasiyasını başa çatdırmaq üzrədir.
Neftçi-geoloq, geologiya-minerologiya elmləri doktoru, professor, “Azərbaycan Respublikasının əməkdar geoloqu” (1982), prezident təqaüdçüsü. Nüsrət Xəlilov II dərəcəli vətən müharibəsi ordeni və 13 medalla təltif olunmuşdur.
Elmi tədqiqat sahələri: Neft qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, neftli-qazlı hövzələrin struktur-tektonik quruluşu. 216 elmi əsərin müəllifidir.
Nüsrət Xəlilov 1925-ci il mayın 9-da Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. O,1943-cü ilin iyun ayında könüllü şəkildə müharibəyə getmiş və 77-ci diviziyanın tərkibində Melitopoldan Dnepr çayına kimi döyüşlərdə iştirak etmişdir. 1943-cü ilin 23 dekabrnda yaralanaraq 1944-cü il yanvarın 6-na kimi hərbi hospitalda müalicə olunmuşdur. Hospitaldan çıxandan sonra tank məktəbində oxumuş, 1-ci Belarusiya cəbhəsinin tərkibində döyüşlərə qayıtmış və Minskdən Varşavaya qədər döyüş yolu keçmişdir.
Müharibədən sonra Nüsrət Xəlilov M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya instituna daxil olmuş, 1951-ci ildə institutu bitirərək, mühəndis-geoloq ixtisası almışdır. 1951-ci ildən 30 il ərzində Nüsrət Xəlilov Gürgən və Primorsk qazma kəşfiyyat idarəsində işləmişdır.
1962-ci ildə Nüsrət Xəlilovun “Abşeron arxipelaqının şimal-qərb hissəsinin geolji quruluşu və neft-qaz hasilatının perspektivliyi” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək geologiya-minerologiya elmləri namizədli alimlik dərəcəsi adına layiq görülmüşdür.
1974-cü ildə Nüsrət Xəlilov “Bakı arxepelaqının geoloji quruluşu və anomal yüksək lay təzyiqi şəraitində neft və qazın axtarış-kəşfiyyat işlərinin effektivliyinin artırılması yolları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1977-ci ildə geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsini almışdır.
1979-cu ilin axırında Nüsrət Xəlilov “Qiprodənizneftqaz – Dövlət elmi tədqiqat neft qaz layihə institunda “Dəniz neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” laboratoriyasının müdiri vəzifəsinə təyin edilmiş, 2006- cı ilə qədər bu vəzifədə çalışmışdır.
Nüsrət Xəlilov “Abşeron bankası”, “Qum-dəniz”, “Sənqaçal-dəniz” və s. neft və qaz yataqlarının kəşfində və istismarında fəal iştirak etmişdir.
O, 2004-cü ildə “Amerika Neftçi Geoloqlar Assosasiyası”nın bölməsi olan “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin prezidenti seçilmişdir. Elmi kadrların hazırlanmasında fəal iştirak etmişdir.
Nüsrət Xəlilov çoxsaylı orden və mükafatlarla təltif edilmişdir.
1960-ci ildə Azərbaycan Neft Kimya institutunun geoloji-kəşfiyyat fakultəsini bitirib. Geologiya-mineralogiya elimləri namizadı (1969), Baş elmi işçi. 1994-ci ildən ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitunda “Axtarış-kəşfiyyat işlərinin təhlili və quyuların qazılmasının əsaslandırılmasıı” laboratoriyasının müdiri. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir (2004).
Elmi tədqiqat sahələri: Neft qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, neftli-qazlı hövzələrin paloteknonik, paleocoqrafi inkişafı və struktur-tektonik quruluşu. 80 elmi məqalə, o cümlədən 3 monoqrafiyanın müəllifi və ya həmmüəlifidir.
Süleymanov Əli Mahmud oğlu 13 mart 1937-ci ildə Sabran (keçmiş Dəvəçi) rayonunun Zeyvə kəndində anadan olmuşdur. 1954-ci ildə Dəvəçi şəhər orta məktəbini bitirmiş, 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakultəsinə daxil olmuşdur. 1960-ci ildə institutu bitirərək, təyinatla Türkmənistan SSR-in “Cənub-Şərqi Qaraqum ekspedisiyas”ında texnik-geoloq vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1961-1964-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda texnik-geoloq, mühəndis-geoloq vəzifələrində işləmiş, 1965-1968-ci illərdə həmin İnstitutun nəzdində mövcud olan aspiranturanın əyani şöbəsində oxumuş və 1969-cu ildə “Xəzəryanı-Quba neftli-qazlı rayonunun Təbaşir dövründə paleogeologiyası və Təbaşir çöküntülərinin neft-qazlılığı” mövzusunda dissertasiya işini müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Əli Süleymanov 1978-1980 ci illərdə Hindistan Respublikasının ONGC şirkətinə qeyri-antiklinal tipli neft-qaz yataqlarının axtarış-kəşfiyyatı üzrə Sovet eksperti, 1986-1989 ci illərdə Suriyə Ərəb Respublikasında Suriya-Sovet birgə geoloji kontraktında baş geolog, 1989-1994-ci illərdə ANQSDETL İnstitutuda böyük və aparıcı-geoloq vəzifələrində işləmişdir.
1994-ci ildən hal-hazıra qədər “Neftqazelmitədqiqatlayihə” institutunun “Axtarış-kəşfiyyat işlərinin təhlili və quyuların qazılmasının əsaslandırılmasıı” laboratoriyasının müdiridir.
2006-cü ildə Azərbaycan Neftçi-Geoloqlar Cəmiyyətinin Prezidenti seçilmiş və. 2008-ci ildə cəmiyyətin işində səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşdur.
1958-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Geologiya-mineralogiya elmləri doktoru (1990), ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda “Neft və qaz yataqlarının hidrogeologiyası və hidrokimyası” laboratoriyasını müdiridir. F.M. Hacıyev “Azneft” İB-nin, Azərbaycan Respublikası və SSRİ Neft Sənayesi Nazirliyi və Neft-Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Fəxri fərmanları, “Neft sənayesi əlaçısı” nişanı, “Əmək veteranı” medalı ilə təltif olunmuşdur.
Elmi tədqiqat sahələri — neft və qaz yataqlarının geologiyası, axtarışı, kəşfiyyatı, işlənməsi, hidrogeologiyası, hidrogeokimyası və yeraltı sulardan xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilməsi istiqamətindədir. 184 tezis və məqalənin, 4 monoqrafiyanın, 3 ixtiranın və 5 regional xəritənin müəllifidir.
Firudun Məhəmmədəli oğlu Hacıyev 1936-cı il aprelin 26-da Goranboy rayonunun Xan-Qərvənd kəndində anadan olmuşdur. 1953-cü ildə Naftalan orta məktəbini, 1958-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini dağ mühəndisi-hidrogeoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya institutunda kiçik elmi işçi vəzifəsində başlamış, 1960-1961-ci illərdə Bakı Yod zavodunda böyük mühəndis vəzifəsində işləmişdir.
1964-cü ildən AzNSETLİ-nin geokimya və mədən suları laboratoriyasında mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, 1969-cu ildən axtarış və kəşfiyyat geologiyası laboratoriyasında baş elmi işçi, 1978-ci ildən neft və qaz yataqlarının hidrogeologiyası və hidrokimyası laboratoriyasında baş elmi işçi vəzifələrində işləmiş, 1980-cı ildən isə bu laboratoriyanın müdiridir.
1968-ci ildə neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisası üzrə namizədlik, 1990-cı ildə isə doktoriuq dissertasiyacını müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
F.Hacıyev Azərbaycan Milli Geofizika komitəsinin üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının akademikidir, Azərbaycan Neft Akademiyasında “Neft-qaz mədən geologiyası” və “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı” kafedralarında neft və qaz geologiyası ixtisası üzrə bakalavr buraxılış işlərinin müdafiəsi məqsədilə təşkil olunmuş Dövlət Attestasiya Komissiyasının sədri, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer haqqında elmlər üzrə Ekspert Şurasının sədr müavinidir.
1984-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirib. Geologiya-mineralogiya elmləri doktoru (2009), professor. 2007-ci ildən ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda geologiya və yataqların işlənməsi üzrə direktorun müavini, Ali Attestasiya Komissiyasının eksperti (2013). Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi medalı” na layiq görülmüşdür (2011).
Elmi tədqiqat sahələri: neft yataqlarının ehtiyatlarının səmərəli mənimsənilməsi, işləmənin son mərhələsində neft hasilatının dinamikasının proqnozu, geoloji-riyazi modelləşdirilmə, layların neftverməsinin artırılması üsulları və s. 85 elmi məqalə, o cümlədən 6 metodik göstərişin müəllifidir.
Salmanov Əhməd Mayis oğlu, 3 iyun 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə 42 saylı orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1984-cü ildə həmin institutun “Geoloji-kəşfiyyat” fakultəsini fərqlənmə diplomu ilə bitirib təyinatla Azərbaycan EA-nın Dərin Neft Yataqlarının Problemləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə “Yataqların işlənməsinin son mərhələsində neft hasilatının dinamikasının geoloji-riyazi modelləşdirilməsi və layların neftverməsinin artırılması üsulların tədbiqinin effektivliyinin qiymətləndirilməsi” mövzusu üzrə namizədlik dissertasiyanı müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına müsabiqə yolu ilə işə götürülmüş və 2007-ci ilin may ayınadək “Neft-qaz mədən geologiyası” kafedrasında dosent vəzifəsində çalışmışdır. 1998-ci ildə AAK tərəfindən dosent elmi adına layiq görülmüş, 2007-ci ilin may ayından 2009-cu ilin iyul ayınadək Azərbaycan Dövlət Neft Şirkətinin ETİ-nin direktorun elm üzrə müavini vəzifəsində çalışmışdır. 2009-cu ildə “Neft yataqlarının səmərəli mənimsənilməsinin yollarının geolji-riyazi modellə əsaslandırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və geologiya-minerologiya elmləri doktoru dərəcəsinə layiq görülmüşdür.
2009-cu ilin iyul ayından indiyədək ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda geologiya və yataqların işlənməsi üzrə direktorun müavini vəzifəsində çalışır.
2011-ci ilin sentyabr ayında “Tərəqqi medalına” layiq görülmüşdür.
2012-ci ildə “Azərbaycan neftçi geoloqları cəmiyyəti”nin prezidenti seçilmişdir.
2013-cü ilin mart ayından Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti seçilmişdi.
Məhərrəmov Bakir İsmayıl oğlu 1960-cı ildə Gədəbəy rayonu, Şınıx mahalının Göyəlli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Çayrəsullu 10 illik orta məktəbini fərqlənmə ilə bitirmişdir. 1978-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olmuş və əmək fəaliyyətini dayandırmadan axşam şöbəsində təhsil almışdır.
1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə həmin institutun “geoloji-kəşfiyyat” fakültəsini bitirmişdir.
1984-cü ildən “Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu”nda (AzNQSDETLİ) işləməyə başlamışdır. 1984-2006-cı illər ərzində “Axtarış-kəşfiyyat işlərinin araşdırılması və layihələndirilməsi” laboratoriyasında elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır.
1994-1995-ci illərdə könüllü olaraq cəbhəyə getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
2004-cü ildə namizədlik dissertasiyasını “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək yer elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
2006-2011-cı illərdə “Quyuların qazılmasının geoloji əsaslandırılması” laboratoriyasında müdir vəzifəsində işləmiş, 2011-2014-cü illərdə «Axtarış-kəşfiyyat işlərinin təhlili və quyuların qazılma şəraitinin əsaslandırılması» laboratoriyasında müdir müavini vəzifəsində çalışmış, 2014-cü ildə isə həmin laboratoriyanın müdiri təyin edilmişdir.
Elmi tədqiqat istiqamətləri neft-qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, neftli-qazlı hövzələrin palotektonik, paleocoqrafi inkişafı, struktur-tektonik quruluşu və geoloji mürəkkəbləşmələr ilə əlaqədardır. 35 elmi məqalənin müəllifidir.
“Azneft” İB-də “Ehtiyatlar üzrə daimi fəaliyyət göstərən komissiyanın üzvüdür.
2009-2013-cü illərdə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin Vitse-Prezidenti, 2010-2014-cü illərdə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda yaradılmış bölmənin rəhbəri olmuş, 2014-cü ildə isə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin Prezidenti seçilmişdir.